Dəniz havasının faydaları
Yayda sərinləmək üçün dənizdə çimməyin əslində insan sağlamlığı üçün inanılmaz faydaları var. Araşdırmalar göstərib ki, dəniz havası insanlara çox faydalıdır, xüsusilə psixoloji cəhətdən də təsir edir.
Dəniz suyu kalium, maqnezium, xlorid və natrium kimi minerallarla zəngindir. Bu inqrediyentlər təkcə saçlarımızı və dərimizi gözəl göstərmir. Onlar həmçinin infeksiya ilə mübarizə aparmağa və iltihabı azaltmağa kömək edirlər. Bu səbəbdən, ekzema kimi dəri xəstəlikləri olan insanlara müalicənin bir hissəsi olaraq tez-tez dənizdə üzmələri tövsiyə olunur.
Dəniz suyu duzluluğuna görə bir çox faydalı xüsusiyyətlərə malikdir. Dəridə olan kiçik kəsiklər və ya sıyrıntılar duz və minerallar sayəsində tez sağalır. Dənizin əzələ problemlərini və oynaq ağrılarını aradan qaldırdığı da sübut edilmişdir.
Dəniz suyunun tərkibində 84 müxtəlif element var. Belə ki, onun tərkibində mineral duzlar, amin turşuları, vitaminlər və qan dövranı sisteminin komponentləri var. Bundan əlavə, dəniz suyu antibiotiklər, antibakterial və antifungal maddələr istehsal edən canlı orqanizmlərlə zəngindir. Ona görə də bu xüsusiyyətlərə havada da rast gəlinir. Bəzi araşdırmalar göstərib ki, psixoloji narahatlıqdan əziyyət çəkən insanlar dəniz kənarında gəzməklə rahatlaşa bilirlər. Dəniz havasının və suyun faydaları saysız-hesabsızdır. Mümkün olduqca tez-tez, yalnız yayda deyil, bütün fəsillərdə həftədə bir neçə dəfə dəniz havası almaq yaxşı olardı.
Bizə bəxş olunan bu gözəl nemətin faydaları nədir:
Dəniz havası faydalı minerallarla zəngindir, tərkibində oksigen və ozon var, mikrob, toz kimi zərərli maddələrin sayı isə demək olar ki, yoxdur.
İmmunitet sistemini gücləndirmək qabiliyyətinə malik dəniz havası allergik xəstəliklərlə aktiv mübarizə aparır.
Dəniz suyunda olan maqnezium və nəmləndirici su komponentləri dəridə deformasiyaya uğramış hüceyrələrin yenilənməsinə kömək edir. Tədqiqatlar göstərir ki, dəniz suyu ilə çimmək dərinin nəmliyini tarazlaşdırır və tər məsamələrini genişləndirir, bədəndən mayenin daha yaxşı xaric olmasına imkan verir. Bundan əlavə, dəniz suyundakı duz qan axınının sürətini tarazlaşdırır.
Sarılıq xəstəliyinə qarşı təbii bir həlldir. Dəniz suyunu kükürdlü palçıqla qarışdıraraq çimmək sarılıq xəstəliyinə tutulma riskini azaldır.
Dəniz suyunda olan bütün xüsusiyyətlərə dənizin sahilindəki havada da rast gəlinir. Dəniz havasında olan antioksidantlar xərçəngə səbəb olan sərbəst radikal hüceyrələrin strukturunu pozur. Həm də tənəffüs yollarını təmizləyir, soyuqdəymənin təsirlərini azaldır. Dəniz havası xüsusilə tənəffüs xəstəlikləri olan insanlar üçün faydalıdır. Tənəffüs yollarını təmizləmək və yumşaltmaq qabiliyyətinə malikdir.
Brom və litium maddələri beyində xoşbəxtlik hormonları serotonin, melatonin və triptamin səviyyəsini artırır. Bu maddələr dəniz suyunda və sahildəki havada yüksək miqdarda olur. Bu vəziyyətə görə bəzi psixoloqlar streslə əlaqədar əsəb pozğunluğu olan xəstələrinə dəniz kənarında hər gün 2 saatlıq gəzinti və ya dəniz kənarında tətil etməyi tövsiyə edir.
Tərkibindəki yüksək maqnezium sayəsində sümük və əzələ quruluşunu gücləndirən dəniz suyu oynaq ağrılarına böyük fayda verir. İltihabi revmatoid artrit xəstəliklərində təbii üsul kimi də istifadə olunur. Eyni zamanda dəniz suyundan xüsusi hazırlanmış kompreslər sınmış sümüklərin bərpasını sürətləndirir.
Məlumdur ki, yodla zəngin dəniz havası zob xəstəliyindən əziyyət çəkən insanlar üçün faydalıdır.
Dəniz havası maddələr mübadiləsini sürətləndirmək, qan dövranını yaxşılaşdırmaq xüsusiyyətinə malikdir, orqanizmimizdəki orqan və sistemləri oksigenlə zənginləşdirir.
Dəniz havasının xüsusilə tufanlar zamanı çox faydalı olduğu məlumdur.
Dəniz havası ürək xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkən insanlara müsbət təsir edir.
Dərinin gözəlliyi üçün də faydalıdır. Məlumdur ki, dəniz havasının tərkibindəki faydalı maddələr dərinin canlılığını, gəncliyini və gözəlliyini qoruyur. Dəniz suyu bütün dünyada gözəllik və masaj prosedurlarında istifadə olunur. Çünki dəniz duzunun tərkibindəki təbii elementlər dəridən toksinləri çıxarmağa və ölü hüceyrələri təmizləməyə kömək edir.
Dəniz suyu atopik dermatit, psoriaz və ekzema kimi bir çox dəri xəstəliklərinə yaxşı gəlir. Sızanaq və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır.
Kəpəkli saçlara da müsbət təsir edir. Yağlı saçlarda yağ balansını təmin etməyə kömək edir.
Dəniz qumu
Dənizin suyu və havası qədər qumu da çox faydalıdır. Qaynar qum terapiyası qədim zamanlardan günümüzə qədər gəlib çatmış təbii müalicə üsuludur.
Dəniz qumu üzərində gəzmək qan damarlarına müsbət təsir edir və qan axını sürətləndirir.
Revmatizm və damar tıxanma xəstəliklərinə yaxşı gəlir.
Dəniz qumu təbii pilinq effekti ilə bəzi dəri pozuntularını aradan qaldırır.
Dəniz qumu üzərində gəzmək ayaqların altına təbii pedikür effekti verir. Dəri də dəniz qumu ilə yüngülcə sürtülsə, təmiz və gözəl bir görünüş əldə edər.
İsti dəniz qumu qan dövranını sürətləndirir və oynaq ağrılarını aradan qaldırır.
Rahat və effektiv yuxu təmin edir. Dənizdə çimdikdən sonra gecə sizi rahat və xoş yuxu gözləyir. Çünki dəniz suyunun tərkibindəki maqnezium sayəsində əzələləri və sinirləri sakitləşdirir.
Maqnezium stresi azaldan təsirə malikdir.
Bundan əlavə, tərkibindəki minerallar yuxusuzluğun müalicəsində təsirlidir.
Dəniz suyu beyinə müsbət təsir edir, zehni sakitləşdirir.
Beyni sakitləşdirdiyi bilinir.
Həm zehni, həm də bədəni cavanlaşdırmağa kömək edir.
Dənizdə üzmək bədənin qan dövranını artırır. Təzə qan zehnin daha aktiv olmasına kömək edir.
Dənizə getmək imkanı olmayanlar evdə təbii dəniz duzu vannası qəbul edərək dəniz suyunun müalicəvi gücündən yararlana bilərlər. Bu tip hamam üçün vanna isti su ilə doldurulur (38 dərəcəyə qədər). Hər litr suya təxminən 50 qram dəniz duzu əlavə edin və həll edin. Ərimə prosesini asanlaşdırmaq üçün onu az miqdarda qaynar suda həll edib, sonra vannadakı suya əlavə edib qarışdıra bilərsiniz. 20 dəqiqə vannada qalın. Sonra isti su ilə duş qəbul edin və bir saat istirahət edin.
Dənizin faydalarından ümumi olaraq danışdıq. Bir az da Xəzər dənizinə xas olan xüsusiyyətlər haqqında məlumat verək. Gözəl vətənimizin incisi olan Xəzər dənizinin havası, suyu, qumu bir çox xəstəliklər üçün çox faydalıdır.
Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov Xəzər dənizinin sağlamlığa faydaları haqqında məlumat verib: “Xəzər dənizinin qumu qızılı-qırmızı kvars qumundan ibarətdir. Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdə olub güclü hiqroskopik xüsusiyyətə, yəni suyu hopdurmaq qabiliyyətinə malikdir. Kvars qumu dəri ilə demək olar tam təmasa girir, dərinin bütün səthini örtür, özünün yığdığı günəş enerjisini çox asanlıqla bədənimizin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, dərialtı kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizm, artritlər, nevritlər və.s.) sağalmasına səbəb olur, limfa damarındakı durğunluğu, miozitləri (tez-tez qulunc olma) aradan qaldırır, sonra isə özünün hiqroskopik xüsusiyyəti sayəsində bizim bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını özünə hopdurur. Siz bu xüsusiyyətləri Xəzər qumundan başqa heç bir dənizin qumunda tapa bilməzsiniz. Xəzər dənizinin qumunu əlinizə alın, islaq vəziyyətdə üzünüzə, qolunuza, ayaqlarınıza çoxlu sürtün, həm dəriniz canlanacaq, həm də hamarlanacaq, yəni təbii şəkildə pillinq olunacaq, bu üsul sellülitin müalicəsi üçün də əla vasitədir. Bu da yalnız Xəzər qumuna aid xüsusiyyətdir.” (Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov)