Depressiyadan xilas olmaq yolları
Depressiya beyinə təsir edən bir xəstəlikdir. Beynin müəyyən bölgələrində kimyəvi balanssızlıq xəstəliyə səbəb ola bilər. Depressiya böyük depressiv pozğunluq və klinik depressiya kimi də tanınır.
Depressiya insanda kədər hissi yaradan, düşünmə, maraq, yuxu, yemək-içmək kimi davranışlara təsir edən psixoloji bir xəstəlikdir. İnsanın depressiyaya düşməsinin səbəbi çox vaxt sevilən birinin ölümü, münasibətin sonlandırılması, xəstəlik, iş və pul qayğıları kimi üzücü və stresli səbəblərdən qaynaqlanır. Dünyada təxminən 280 milyon insanın depressiyadan əziyyət çəkdiyi düşünülür. Qadınlarda bu nisbət kişilərə nisbətən təxminən 50% yüksəkdir. Özünü dəyərsiz və ya ümidsiz hiss etmək, daim bədbəxt və kədərli əhval-ruhiyyədə olmaq, heç nə ilə maraqlanmamaq depressiyanın ən çox görülən əlamətləridir.
Depressiyadan əziyyət çəkən insanlar yuxusuzluq və iştahasızlıq ilə yanaşı, düşüncə və yaddaş problemləri də yaşayırlar. Pessimizm, bədbəxtlik və günahkarlıq kimi simptomlarla ortaya çıxan müxtəlif depressiya növləri var.
Depressiya üçün risk faktorları hansılardır?
- Erkən valideyn itkisi
- Maddə və alkoqoldan sui-istifadə
- Təşviş pozğunluqları
- Qadın olmaq
- Aşağı sosial-iqtisadi səviyyə
- Ayrı yaşamaq, boşanmaq
- İşsizlik: İşsizlik təkcə depressiya üçün risk faktoru deyil, həm də işdə məhsuldarlığın azalmasının mühüm səbəblərindən biridir.
- Əvvəllər depressiya keçirmiş olması
- Son mühüm həyat hadisələri, stresslər
- Uşaqlıq dövründə cinsi və ya fiziki istismar tarixi
- Bəzi dərmanlar
- Tibbi xəstəliklər
- Hormonal dəyişikliklər.
Depressiyanın əlamətləri hansılardır?
Kədərli hadisələrlə qarşılaşdıqda kədərlənmək normaldır. Depressiyanın kədərlənməkdən fərqli ölçüləri var. Buna görə depressiya və kədəri qarışdırmaq olmaz. Depressiyanın əsas əlamətləri:
- Daim kədərli olmaq
- Gündəlik sevilən fəaliyyətlərə maraq və zövq itkisi
- İştah dəyişiklikləri: həddindən artıq yemək və ya iştahsızlıq
- Yuxuya getməkdə çətinlik, tez-tez oyanma və ya həddindən artıq yuxu
- Hər zaman yorğunluq hissi
- Danışıqda və hərəkətlərdə sürət azalması
- Özünü dəyərsiz və günahkar hiss etmək
- Diqqət əksikliyi, qərar verməkdə çətinlik
- Intihara meyllilik
Depressiya diaqnozu necə qoyulur?
Depressiyaya diaqnoz qoymaq üçün təsvir edilən bütün simptomların olması vacib deyil. Yuxarıda göstərilən simptomların çoxu kifayət qədər şiddətlidirsə və digər problemlərə aid edilə bilməzsə, diaqnoz qoyulur.
Uşaqlarda depressiya müşahidə olunurmu?
Depressiya uşaqlıqda da baş verə bilər. Müalicə edilməzsə, uzana və yetkinliyə qədər davam edə bilər.
Uşaqlar da böyüklər kimi depressiyaya düşə bilərlər. Böyüklərdə olduğu kimi uşaqlarda da depressiyanın ən mühüm əlaməti marağın əhəmiyyətli dərəcədə itirilməsi və funksionallığın pozulmasıdır. Ancaq uşaqlarda depressiyanın görünmə tərzi böyüklərdə müşahidə olunan simptomlarla tam eyni deyil. Onlardan fərqli olaraq, uşaqlarda depressiya əlamətləri təkcə bədbəxtlik, kədər və ya introversiya şəklində deyil, həm də qəzəb, əsəbilik şəklində özünü göstərə bilər.
Uşaqlıq depressiyasının ən çox görülən əlamətləri bunlardır:
əsəbilik, davam edən kədər və ümidsizlik, sosial uzaqlaşma, sosial mühitdən uzaqlaşma, rədd edilmə və məyusluğa qarşı həddindən artıq həssaslıq, iştahanın dəyişməsi (iştahın artması və ya azalması), yuxunun dəyişməsi (həddindən artıq yuxululuq və ya yuxunun olmaması),yuxuya getməkdə çətinlik, kabuslar görmək), diqqəti cəmləməkdə çətinlik, yorğunluq, müalicəyə cavab verməyən fizioloji şikayətlər (qarın ağrısı, baş ağrısı kimi), sosial həyatın davam etdirilməsində funksionallığın azalması (məktəb və dərsdənkənar fəaliyyətlərdə iştirak etmək istəməməsi) , akademik müvəffəqiyyətin azalması, məktəb mühitində problemlər, heç bir maraq olmaması, ailə daxilində və ya dostlar arasında eyni istəksizliyin davam etməsi, dəyərsizlik və ya günahlandırma hissi, ölüm və ya intihar düşüncələri.
Depressiya təkrarlanırmı?
- Depressiya təkrarlanan bir xəstəlikdir. Daha əvvəl olması təkrarlanma ehtimalını artırır.
- Depressiyada residiv üçün risk faktorları
- Qalıq simptomların olması
- Əvvəllər depressiya keçirmiş olması
- Xroniki depressiya
- Ailə tarixi
- Təşviş pozuntusu və maddə istifadəsi depressiya ilə birlikdə baş verir
- Depressiya 60 yaşdan sonra başlaması
Depressiyanın növləri hansılardır?
Əlamətlərin şiddətinə və xüsusiyyətlərinə görə depressiya müxtəlif növlərə bölünə bilər. Bəzi insanlarda bu vəziyyət qısa müddətə yüngül olsa da, bəzilərində uzunmüddətli və ağır ola bilər. Ümumi olaraq depressiya növlərini aşağıdakı kimi sıralaya bilərik:
Böyük depressiya: Böyük depressiya uzunmüddətli, davamlı və ciddi əhval dəyişikliklərini özündə birləşdirən bir növdür. İnsanlar ən azı 2 həftə ərzində intihar cəhdləri də daxil olmaqla ağır depressiya əlamətləri ilə qarşılaşa bilərlər.
• Xroniki depressiya: Distimiya olaraq da adlandırılan xroniki depressiya, depressiya əlamətlərinin orta hesabla 2 il davam etdiyi bir növdür. Depressiv simptomlar əsas depressiyadan daha yüngül olsa da, onların uzun müddət davam etməsi həyata mənfi təsir göstərə bilər.
Postpartum depressiya: Doğuşdan sonrakı depressiya doğuşdan dərhal sonra baş verən və 2 həftədən çox davam edən bir növdür. Ümumi depressiya ilə yanaşı, bu vəziyyətin simptomları körpəyə qarşı laqeydlik, soyuqluq və ya körpəyə qulluq edə bilməmə kimi simptomlara səbəb ola bilər.
• Atipik depressiya: Atipik depressiya qadınlarda daha çox rast gəlinən və əhval pozğunluqları ilə yanaşı, sürətli kökəlmə, həddindən artıq yemək, həddindən artıq yatmaq, tənqidə qarşı həddindən artıq həssaslıqla xarakterizə olunan depressiya növüdür.
Depressiyanı necə müalicə etmək olar?
Depressiya bu pozğunluqdan əziyyət çəkən insanların həyatına mənfi təsir göstərən və müalicə edilməsi lazım olan bir xəstəlikdir. Depressiyanın müalicəsi üçün müxtəlif psixoterapiya üsulları mövcuddur.
Bunlardan ən çox yayılmışı koqnitiv davranış terapiyasıdır. Bu müalicə metodunda psixoterapevt xəstənin köməyi ilə depressiyaya səbəb olan amilləri araşdırır. Terapiyanın məqsədi insanın mənfi düşüncə və inanclarının strukturunu dəyişdirmək və onları daha müsbət olanlarla əvəz etməkdir.
Depressiyanın müalicəsində son dərəcə təsirli olan başqa bir üsul EMDR terapiyasıdır. Xüsusilə travma nəticəsində yaranan depressiyada tətbiq edilən EMDR texnikası ilə insanın emosional vəziyyətində müsbət dəyişikliklər müşahidə edilir. EMDR depressiyanın altında yatan keçmiş mənfi xatirələri və onun başlanmasına səbəb olan hadisələri kəşf etməyi hədəfləyir. EMDR texnikasından istifadə edilən terapiyada insanın keçmişdə yaşadığı xatirələrlə bağlı mənfi düşüncələr müsbət fikirlərlə əvəz olunur. Bir çox terapiya üsullarında depressiya müalicəsi uzun müddət davam edərkən, EMDR terapiyasında bu prosesi qısaltmaq mümkündür.
Eyni zamanda, meditasiya və yoqa kimi duyğuları tarazlıqda saxlamağa və daha müsbət düşünməyə kömək edən üsullar da depressiyanın müalicəsində təsirli ola bilər.
Bəzi hallarda depressiya müalicələrə davamlıdır və bu zaman insanlar psixiatrın nəzarəti altında dərmanlara başlaya bilərlər.