Ümumi

Yüksək təzyiq zamanı ilk yardım

Yüksək qan təzyiqi nədir?

Yüksək qan təzyiqi, ürək döyüntüsü zamanı qanın damar divarlarına etdiyi təzyiqin əksidir. Ürək xəstəlikləri, damar tıxanıqlığı, beyin qanaması kimi bir çox xəstəliyə yol açan yüksək təzyiq təbii üsullar sayəsində sağlam səviyyələrə endirilə bilər.

Qan təzyiqinin 140/90 mm c.s.-dan yuxarı olması hipertoniya və ya yüksək təzyiq kimi müəyyən edilir. Yüksək qan təzyiqi adətən boyun arxasından başlayan baş ağrısı, qulaqlarda cingilti və uğultu, başgicəllənmə kimi əlamətlərlə özünü göstərir.

Yüksək qan təzyiqinin əlamətləri hansılardır?

Yüksək qan təzyiqi uzun illər ərzində heç bir əlamət və şikayətə səbəb olmadan çox sakit şəkildə irəliləyə bilər. Lakin bu o demək deyil ki, yüksək təzyiq insana zərər vermir. Əksinə, uzun illər artan təzyiq səviyyəsinə müqavimət göstərən ürək, böyrək, göz və beyin kimi orqanların damarlarında zədələnmələr baş verir. Bu səbəbdən hər bir yetkin insanda heç bir əlamət olmasa belə, vaxtaşırı qan təzyiqi ölçülməlidir. Bununla belə, yüksək qan təzyiqi əlamətlərini xatırladan bəzi simptomlar aşağıdakı kimi sıralana bilər:

  • Xüsusilə başın ətrafında döyünən təzyiq hissi
  • Boyundan alın nahiyəsinə yayılan baş ağrısı
  • Hərəkətdən asılı olmayaraq baş verən başgicəllənmə
  • Qulaqda uğultu və cingilti şikayətləri
  • Ürək döyüntüsü hissi
  • Burun qanaması
  • Ürək çarpması zamanı artan hərəkətdən asılı olmayan tərləmə
  • İdrar tezliyinin artması

Qan təzyiqi oxunuşunda hər iki rəqəm vacibdir. Ancaq 50 yaşından sonra sistolik göstərici (sistolik qan təzyiqi) daha çox əhəmiyyət kəsb edir. İzolyasiya olunmuş sistolik hipertenziya diastolik təzyiqin normal, lakin sistolik təzyiqin yüksək olduğu bir vəziyyətdir. Bu, 65 yaşdan yuxarı insanlar arasında tez-tez rast gəlinən yüksək təzyiq növüdür.

Nə vaxt həkimə müraciət etməli?

Yüksək qan təzyiqinin simptomları həmişə bəlli olmaya bilər və uzun müddət fərq edilmir. Buna görə mütəmadi olaraq tibbi müayinədən keçmək vacibdir. Ancaq təcili tibbi yardım tələb edən bəzi vəziyyətlər var.

Məsələn, yüksək qan təzyiqi səbəbiylə böyrək problemləri, ürək xəstəliyi, görmə problemləri kimi ağırlaşmaların əlamətləri inkişaf edirsə,

Şəkərli diabet, böyrək xəstəliyi və ürək xəstəliyi kimi xroniki sağlamlıq problemləriniz varsa,

Yüksək təzyiq risk faktorları varsa.( ailə tarixi, piylənmə, yüksək duz istehlakı və ya stress kimi) həkimə müraciət etməlisiniz.

Hamiləlik dövründə yüksək təzyiq olduqca risklidir. Buna görə də hamiləlik dövründə qan təzyiqi mütəmadi olaraq ölçülməlidir. Bundan əlavə, yaşlandıqca qan təzyiqiniz də arta bilər. Xüsusilə 50 yaşdan yuxarı olsanız, qan təzyiqinizi mütəmadi olaraq yoxlamalısınız.

 Hipertoniya xəstəliyinin ağır formalarında xəstələrdə hipertonik kriz( arterial təzyiqin kəskin qalxması) baş verə bilər ki, bu da çox təhlükəli nəticələrə (insult, infakt, hətta ölüm) gətirib çıxara bilər.

Təzyiq yüksələn zaman ilk yardım

  1. Təcili yardım çağırın. Yardım gələnə qədər ilk öncə xəstə mümkün qədər sakit mühitdə rahat uzanmalı və ya oturmalıdır.
  2. Xəstənin təzyiqini ölçün onu mümkün qədər sakitləşdirin.Otağa təmiz hava daxil olmasına imkan yaradın.
  3. Xəstəni sıxan geyimlərdən və ya geyi aksesuarlarından azad edin.
  4. Ona içməyə sərin su verin. Boynuna, biləklərinə soyuq suda isladılmış dəsmal qoyun.
  5. Xəstənin ayaqlarını isti suya qoyun.
  6. Xəstəyə əvvəlki adi günlərdə qəbul etdiyi təzyiq dərmanlarından verə bilərsiniz.

Hipertoniyanın qarşısını necə almaq olar?

Yüksək qan təzyiqinə nəzarət etmək üçün bir insan gündəlik həyat tərzində əhəmiyyətli dəyişikliklər edə bilər. Bunlara pəhriz və gündəlik rejimlər daxildir. Hipertoniyanın qarşısını almaq üçün aşağıdakı tədbirlər görülə bilər:

  • Qidalanmada duzu minimuma endirmək
  • Meyvə, tərəvəz, taxıl, ət, balıq-toyuq, süd məhsulları kimi müxtəlif və zəngin qidalar yemək.
  • Doymuş yağ və trans yağ ehtiva edən qidalardan çəkinin.
  • İşlənmiş qidaları yeməkdən çəkinin.
  • Siqaret çəkməkdən çəkinmək lazımdır, çünki bu, yüksək təzyiq dərmanlarının effektivliyini azaldır.
  • Fiziki aktiv həyat tərzi seçin.
  • Artıq çəkilərdən qurtulun.
  • Stressdən uzaq durmağa çalışın.
  • Evdə qan təzyiqi müntəzəm olaraq yoxlanılmalıdır.
  • Fol turşusu istehlakını artırın.
  • Keyfiyyətli yuxu mütləqdir.
  • Xüsusilə C və D vitaminlərinin istehlakına diqqət yetirin.

Hansı qidalar qan təzyiqini artırır?

Qan təzyiqini artıran qidalar və içkilər ümumiyyətlə aşağıdakı kimi sıralana bilər:

  • Kofeinli içkilər
  • Duz və tərkibində duz olan qidalar
  • Hazır yeməklər
  • Desertlər
  • Həddindən artıq çay istehlakı
  • Marqarin və digər yağlar
  • Həddindən artıq spirt istehlakı
  • Delikates məhsulları

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button